Rusiya Azərbaycan diasporuna öz adamlarını təyin edir. Yekaterinburqda Azərbaycan diasporuna Şahin Şıxlinskinin yerinə yeni sədr seçilib. Bundan sonra Rusiyada Azərbaycan diasporunun adı dəyişdirilərək, Azərbaycan icması adlandırılacaq. Bunun arxasında nə dayanır?
Bu istiqamətdə hafta.az-a açıqlama verən siyasi şərhçi Məhəmməd Əsədullazadə qeyd edib ki, Diaspor ilk növbədə mənsub olduğu dövlətə bağlı olur, icma isə yaşadığı ölkənin qanunlarına inteqrasiya olunur.

M.Əsədullazadə bildirib ki, Rusiya rəhbərliyi bu ölkədə işləyən və yaşayan azərbaycanlıların diasporunu ləğv edərək əvəzində icma yaradaraq, onları tamamilə öz tabeçiliyinə keçirir:
"Məqsəd Azərbaycana təzyiqləri artırmaq və Rusiyada yaşayan azərbaycanlıların təşkilatlanmasında rəsmi Bakının rolunu tam kəsməkdir. Artıq Yekaterinburqda yeni diaspor - icma sədri Rusiyanın Ukraynada müharibəsinə dəstək verməyi, hərbiçilərə köməkliklər olunacağının vacibliyindən danışıb. Bir neçə gün bundan əvvəl Kremlin ideoloqu A.Duqin Rusiyada yaşayan əcnəbilərin rus cəmiyyətinə inteqrasiyasının vacibliyini qeyd etmişdi. Byndan sonra Rusiyada yeni Azərbaycan icma sədrlərindən ölkəmizə qarşı və Rusiyanın mənafelərini müdafiə edən bəyanatlar eşidəcəyik”.
M.Əsədullazadə vurğulayıb ki, Rusiya Ermənistan və Mərkəzi Asiya ölkələrindən olan işçi miqrantlar üçün də eyni ssenarini tətbiq edəcək. Onun sözlərinə görə, Rusiya rəhbərliyi miqrantlardan və orada yaşayan azərbaycanlılardan yalnız öz siyasi məqsədləri üçün istifadə edəcək.
Ekspert hesab edir ki, əgər, Rusiya rəhbərliyi diaspor təşkilatlarını ləğv edib, icma yaradıb onların başına öz adamlarını qoyursa, Rusiyada Azərbaycan səfirliyi və konsulluqlar onlara xidməti tam dayandırmalıdır.